Xəbərlər
İlbər Ortaylı Heydər Əliyev Mərkəzində mühazirə oxudu
15.04.2019
İlbər Ortaylı Heydər Əliyev Mərkəzində mühazirə oxudu

“Azərbaycanlılara “azəri” deyə müraciət edilməsi doğru deyil. “Azəri” ifadəsi Türkiyədə məlumatsızlıqdan istifadə edilən, sonradan ortaya atılmış bir kəlmədir. Buranın xalqı türkdür”.

 

 

Bunu Türkiyənin Azərbaycandakı Səfirliyinin himayəsi, “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə ölkəmizə dəvət olunan nüfuzlu türkiyəli tarixçi, professor İlbər Ortaylı Heydər Əliyev Mərkəzindəki “Qafqaz tarixi” mövzusunda mühazirəsi zamanı deyib.

 

O, Qafqazın tarixinin çox qədimlərə söykəndiyini, burada müxtəlif millətlərin yaşadığını qeyd edib. Yazılı qaynaqları çox qədim olmasa da, bu ərazinin dillərinin qədim olduğunu bildirib.

Qafqazda yaşanan müxtəlif problemlərdən və münaqişələrdən də bəhs edən Ortaylı, ermənilərin həm Anadolu, həm də bu torpaqlarda fərqli iddialarının olduğunu xatırladıb: “Ermənilər Urartu dövlətinin onların qədim dövləti olduğunu iddia edir. Ermənilər Anadoluya qərbdən, Balkan yarımadasından keçərək gəliblər. Onların Urartuyla heç bir əlaqələri yoxdur. Urartuluların çeçenlərlə bağlılığı olması ehtimalı yüksəkdir. Ancaq onların Qafqazdan Anadoluya və ya Andoludan Qafqaza getdikləri dəqiq məlum deyil. Ermənilər Qafqaza sonradan yerləşən bir millətdi. XVIII əsrə qədər bu regionda ermənilərin sayı olduqca az olub. Qafqazda tərəddüdsüz şəkildə deyə bilərik ki, türklər və türkcənin böyük hegemonluğu olub”- deyə o bildirib.

Türk millətinin yüzillər boyunca Orta Asiyadan Balkanlara qədər çoxlu sayda dövlət qurduğunu xatırladan Ortaylı, “Azərbaycanla Türkiyə bir birinə yaxın iki türk dövlətidi. Heydər Əliyev iki ölkə arasındakı münasibətləri çox gözəl ifadə edib: “Bir millət, iki dövlət”. Biz bir mədəniyyətin parçasıyıq. Bu mədəniyyət rəngarəngdir. Zəngin tarixi keçmişə sahibik. Türklər dövlətsiz yaşaya bilməz, dövlətimizi hər zaman ən ucada tutmalıyıq” – deyə vurğulayıb.

 

 

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin himayəsi, “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə Azərbaycana dəvət olunan nüfuzlu türkiyəli tarixçi, professor İlbər Ortaylı Bakıda bir sıra görüşlər keçirəcək və mühazirələr söyləyəcək.