Xəbərlər
Deportasiya qurbanları yad edildilər
29.11.2019
Deportasiya qurbanları yad edildilər

  Sovet repressiya maşınının amansız cinayətlərindən biri olan Ahıska türklərinin Gürcüstandakı tarixi vətənlərindən kütləvi deportasiyasından 75 il keçir. Bu tarixi cinayətin ildönümü günlərində Türkiyə--Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) təşkilatçılığı, Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə hər iki ölkə ictimaiyyətinin nümayəndələri Ahıska türklərinin yığcam məskunlaşdıqları Saatlı rayonunda oldular. Mərasim iştirakçıları bu fəlakətli deportasiyanın qurbanlarını ehtiramla yad etdilər, repressiyanı törədənləri lənətlədilər. 

 

Aksiyanın başlanğıcında Axıska faciəsinin şahidi olmuş insanları və onların övladlarını ziyarət etməyə gəlmiş Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Erkan Özoral, TÜİB sədri Hüseyin Büyükfırat, Azərbaycandakı Axıska türklərinin “Vətən” cəmiyyətinin sədri İsmayıl Rəhimov və qurumun fəalları, türkiyəli iş adamları və jurnalistlər axıskalıların məskunlaşdıqları ərazinin girişindəki Qazanbatan kəndində yol kənarlarına rəmzi olaraq 75 çinar ağacı əkdilər.

Mərasim axıskalıların köçürülməsi zamanı 23 yaşı olmuş, deportasiyanın bütün dəhşətlərini yaşamış 98 yaşlı Ənsar Rizmanovun ikimərtəbəli geniş evinin qonaq salonunda davam etdi.
Çay süfrəsi arxasında davam edən söhbətdə Ahıska türklərinin “Vətən” cəmiyyətinin sədri İsmayıl Rəhimov bildirdi: “Tarix boyu ata-babalarımızın daimi yaşayış yerləri Gürcüstanın Türkiyə ilə həmsərhəd Ahıska bölgəsi olub. 1944-cü ildə isə Ahıskanın 5 rayonunu əhatə edən 124 kəndin  əhalisi bütünlüklə, heç bir səbəb olmadan, əslində isə, Türkiyəyə etnik-mənəvi bağlılığa görə, Stalin repressiyasının qurbanı olmuşdur. 31 iyul 1944-cü ildə SSRİ Dövlət Müdafiə Komitəsinin “№ 6279” qərarı ilə 90 min Ahıska türkü məcburi şəkildə Ahıskadan Qazaxıstan, Özbəkistan və Qırğızıstanın çöllərinə köçürülüb. Türk olmaqdan savayı heç bir təqsiri olmayan xalqımız 12 il ağır komendant rejimi şəraitində yaşamağa məcbur olub. Minlərlə ahıskalı yollarda və səhralarda tələf olub”. 
TÜİB sədri Hüseyin Büyükfırat isə söylədi: “1956-cı ildə Stalin rejimi yumşalandan sonra axıskalılara vətənlərinə deyil,  SSRİ-nin digər bölgələrinə köçməyə icazə verilib. 1958--1960-cı illərdə onların böyük bir hissəsi çətinlikləri aşaraq, onlara qardaş qucağı açmış Azərbaycana gələrək Mil və Muğanın qovuşuğundakı 15 kənddə məskunlaşıb. Ahıskalıların Azərbaycana ikinci gəlişi isə erməni fitnəsinin nəticəsi olan Fərqanə hadisələrindən sonra olub. SSRi-nin süqutundan sonra Azərbaycana gəlmiş Türkiyə vətəndaşları, xüsusən iş adamları Ahıska türkləri ilə də sıx əlaqə yaratmış, onlara maddi və mənəvi dəstək göstərmişlər. Mən isə bura ilk dəfə 1994-cü ildə gəlmişdim, hər il bayramlarda soydaşlarımızı ziyarət edirəm. Burada məscid tikdirmiş və sakinlərə əlimizdən gəldiyi qədər yardım etməyə çalışmışıq. Bundan sonra da bu əməllərimizi davam etdirəcəyik”.
Ev sahibi Ənsar Rizmanov Türkiyə və Azərbaycan dövlətinin Ahıska türklərinə hərtərəfli qayğısından, iki xalqın mehriban birgəyaşayışından böyük məmnunluqla söz açaraq dedi: “Azərbaycan bizi öz övladı kimi qarşılayıb qoynunda yer verdi. İlk gündən hörmət, kömək gördük. Mərhum Heydər Əliyev bizə çox qayğı göstərirdi. İndiki Prezident İlham Əliyevdən də çox razıyıq. Azərbaycana və Türkiyəyə bizə göstərdiyi diqqət və qayğıya görə çox təşəkkür edirik. Müstəqilliyin ilk illərindən gəlib bizi tapmış türkiyəli qardaşlarımıza da ürəkdən sağ ol deyirik. Bizə davamlı olaraq yardım edən iş adamı Hüseyn Büyükfırat kimi qardaşlarımızdan hamımız razıyıq. Cənab səfir Erkan Özoralın və Saatlı Rayon İcra Hakimiyyətini başçısı Nazim İsmayılovun 75 il əvvəl baş vermiş Ahıska faciəsini anmaq üçün bizimlə bir yerdə olmalarından da  çox məmnunuq”.
Anma və xeyriyyə məqsədi daşıyan ziyarətdə Qazanbatan kəndinin əhalisinə ərzaq yardımı edildi, Bakıdan gəlmiş tibb işçiləri sağlamlığından narahat olan  axıskalıları müayinə edərək lazımi göstərişlər verdilər.
Media nümayəndələrinə açıqlama verən səfir Ərkan Özoral ahıskalıların hələ də öz yurdlarına dönəcəkləri günü gözlədiklərini vurğulayaraq dedi: 

– Hələ SSRİ dönəmində Azərbaycan ahıskalıların məskunlaşdığı önəmli yerlərdən biri olub. Bu gün burada minlərlə Ahıska türkü yaşayır. Onlar hələ də bu ağrını unutmayıblar, hamılıqla öz yurdlarına dönməyi arzulayır və bununla yaşayırlar. Bu onların əzəli insanlıq haqqıdır. Azərbaycan kimi, Türkiyə də bundan sonra da axıska türklərinin yanında olacaq, onların irili-xırdalı problemlərinin həllinə yardım göstərəcək.

 

Sonda mərasim iştirakçıları 1944-cü ildə axıskalılardan soraq tutmaq üçün sərhədi keçmiş və ələ keçərək uzun illər sovet həbsxanalarında yatmış, azad buraxıldıqdan sonra isə Azərbaycana gəlib ahıskalılarla bir yerdə yaşamış, 1972-ci ildə 72 yaşında vətən həsrətilə dünyadan köçmüş türk zabiti Vəhbi İbrahimovun Urfalı Hüseyn Büyükfırat tərəfindən abadlaşdırılmış məzarını ehtiramla yad etdilər.