Xəbərlər
Türkiyənin kənd təsərrüfatı nümayəndə heyəti - AZƏRBAYCANDA SƏFƏRDƏ OLUB
19.12.2019
Türkiyənin kənd təsərrüfatı nümayəndə heyəti - AZƏRBAYCANDA SƏFƏRDƏ OLUB

 

Dekabrın 9-15-də Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Kənd Təsərrüfatı İslahatları İdarəsinin bir qrup eksperti Azərbaycanda səfərdə olub.

 

Səfər TÜİB-in təşkilatçılığı və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşıb.

 

Səfər zamanı Azərbaycanda torpaqlardan səmərəli istifadə edilməsi, torpaqların konsolidasiyası, istifadəsiz torpaqların əkin dövriyyəsinə qaytarılması, torpaq bankçılığı, infrastruktur və sair sahələrdə görüşlər keçirilib.

 

Tərkibində bu sahənin tanınmış ekspertləri sayılan İmam Ali Özcan, Ahmet Ünsal, Hasan Şanlı, Ercan Güneş, Bekir Topçu, Ziya Parlak, Mehmet İrfan Hartavi olan nümayəndə heyəti Kənd Təsərrüfatı Nazirliyi və biznes qurumları ilə görüşlər keçirib, eləcə də Azərbaycanın bölgələrinə səfər ediblər.

 

Nümayəndə heyətinin görüşlərində və səfərlərində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Ziraat Bank Azərbaycan, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi İslahatlar İdarəsinın şöbə müdiri Firudin Tağıyev də iştirak edib. Səfər çərçivəsində nümayəndə heyəti Saatlıda torpaq sahələrinə də baxıblar və Ahiska türklərinin kompakt yaşadığı Saatlı rayonu Qazanbatan kəndində də olublar.

 

Türkiyə nümayəndə heyətinin Azərbaycana səfərini şərh edən TÜİB rəhbəri Hüseyin Büyükfırat bildirib ki, səfər ölkələr arasında iqtisadi əlaqələri gücləndirməyə xidmət edir: «Türkiyə və Azərbaycan arasında aqrar sahədə əməkdaşlığın inkişaf etdirilməsi Türiyənin bu sahədəki təcrübəsinin, qardaş Azərbaycanla paylaşmasına imkan verəcək. Səfərdə Azərbaycanla torpaqlardan istifadə səmərəsinin artırılması, istifadəsiz torpaqların dövriyyəyə qaytarılması və ərazi bankçılığı ilə bağlı müzakirələr aparılıb».

 

H.Büyükfırat bildirib ki, ekspert qrupunda yer alan ekspertlər bu sahədə Azərbaycan-Türkiyə layihələrinin reallaşdırılmasına da dəstək verə bilərlər.