Tarix : 04.07.2022


Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) üzvləri işgüzar səhər yeməyində bir araya gəliblər
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) üzvləri işgüzar səhər yeməyində bir araya gəliblər

 İyulun 2-də Bakıdakı Tandirloin restoranında keçirilən işgüzar səhər yeməyində TÜİB rəhbərliyi və təşkilatın üzvləri, Türkiyə Səfirliyinin Ticarət baş müşavirləri Ahmet Erdal ve Yakup Sefer və Əmək və Sosial müdafiə müşavirliyi İsmayıl Haqverdiyev, iş adamları, dəvət olunmuş qonaqlar iştirak edib.

Səmimi və işgüzar mühitdə keçirilən tədbirdə TÜİB üzvləri arasında əməkdaşlıq, yeni üzvlərlə tanışlıq, qurumun planları, həyata keçiriləcək yeni layihələr və hazırda reallaşan layihələrin indiki durumu müzakirə edilib.
TÜİB-in yeni üzvlərindən olan, ölkənin aparıcı investisiya şirkətlərindən biri «Azfinance» investisiya şirkətinin xidmətləri ilə bağlı təqdimat olub.
Təqdimatda «Azfinance» investisiya şirkətinin rəhbəri İntiqam Səfərəliyev Azərbaycanın maliyyə bazarlarındakı yeni alətlər, biznes üçün yeni maliyyələşmə imkanları, istiqraz buraxılışları və sahibkarlar üçün yeni maliyyə həlləri barədə geniş məlumat verib. Şirkət rəhbəri bu sahədə ölkə qanunvericiliyinə yeni edilmiş dəyişiklikləri xatırladaraq TÜİB üzvlərinin və qonaqların suallarını cavablandırıb.
Tədbirin sonunda TÜİB-in yeni üzvlərinə plaketlər təqdim edilib, onlara uğurlar arzulanıb.