Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin növbəti ənənəvi iftar yeməyi tədbiri keçirilib.

1 aprel 2024-cü il tarixində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin növbəti ənənəvi iftar yeməyi tədbiri keçirilib. Müqəddəs Ramazan ayında təşkil edilən tədbirdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) prezidenti Məmməd Musayev, Dövlət Sosial Müdafiə Fondunun idarə heyətinin sədrinin müavini Mətin Əsgər, millət vəkilləri, rəsmi şəxslər, iş adamları, ictimaiyyətin nümayəndələri və media təmsilçiləri iştirak edib. Həmçinin şəhid və qazilərin ailə üzvləri iftar yeməyinə fəxri qonaq olaraq dəvət edilib. Tədbir şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunaraq başlanılıb. Qonaqları salamlayan TÜİB İdarə heyətinin sədri Hüseyin Büyükfırat Ramazanın birlik və həmrəylik ayı olduğunu bildirib. TÜİB-in Azərbaycan-Türkiyə arasında işgüzar və mədəni-humanitar əlaqələrinin güclənməsində aktiv iştirak etdiyini qeyd edib. Çıxışında Azərbaycana 32 il əvvəl gəldiyini deyən H.Büyükfırat həmin vaxtdan bəri ölkənin böyük inkişafının şahidi olduğunu bildirib:“Azərbaycan indi qüdrətli ölkədir. Eyni zamanda biz son vaxtlar türk dünyasının inkişafının, daha da dərin inteqrasiyasının şahidi oluruq. Bu məsələdə Türkiyə və Azərbaycanın birgə addımlaması bizi xüsusilə mənun edir. Biz də TÜİB olaraq türk dünyasının qapısı rolunu oynayan Azərbaycanda üzərimizə düşəni etməyə çalışırıq. Bütün fəaliyyətimizi bu müqəddəs amal uğrunda atılan addımlara kökləmişik”. Çıxışı zamanı TÜİB-in həyata keçirdiyi sosial layihələr barədə də məlumat verən H.Büyükfırat qeyd edib ki, ümumiyyətlə hər bir iş adamı, hər bir şirkət bu məsələyə xüsusi diqqət ayrımalıdır: “Azərbaycan-Türkiyə əlaqələri sıradan əlaqələr deyil. Bunun tarixi, dini, milli, mədəni kökləri var. Biz iş adamları da bu köklərə bağlı olaraq öz fəaliyyətimizi qurmaqla yanaşı ulularımızdan bizə miras qalan xeyriyyəçiliyi də unutmamalıyıq. Şəxsən mənim və ümumilkdə TÜİB üzvlərinin qənaəti budur ki, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları bura sadəcə bir iş yeri, sərmayə yatirib, pul qazanmaq yeri kimi baxmamalıdırlar. Bizlər sosial fəaliyyətləri də daim ön sırada tutmalı, sosial layihələrin icrasına dəstək verməli, bəzən isə özümüz bu təşəbbüslə çıxış etməliyik. TÜİB olaraq sosial məsuliyyətimizi də dərk edir, sosial layihələrin icrasında ön sıralarda gedirik”. Daha sonra iftar tədbiri ilə bağlı Türkiyə Respublikasının Ticarət naziri Prof.Dr.Ömer Bolat, Türkiyə Respublikasının Prezidentinin Maliyyə Ofisinin rəhbəri Prof.Dr.Göksel Aşan və Ak Parti Genel Başkan Yardımcısı,Trabzon millət vəkili Mustafa Şenin məktubları oxunub. Tədbirdə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun idarə heyətinin sədrinin müavini Mətin Əsgər TÜİB ilə birgə həyata keçirilən “Qardaş Ailə” layihəsinin Azərbaycan və Türkiyə şəhid ailələrini və qaziləri bir araya gətirərək mənəvi dəstəyin göstərilməsi, qardaşlıq bağlarının daha da möhkəmləsinə xidmət etdiyini bildirib. Səmimi və işgüzar ortamda davam edən tədbirin sonunda TÜİB-in həyata keçirdiyi layihələrə dəstək göstərən dövlət qurumları və TÜİB üzvlərinə plaketlər təqdim edilib.

Tarix
2 Aprel 2024
Baxış: 125
Digər xəbərlər