Qardaş Ailə layihəsi çərçivəsində şəhid general-mayor Polad Həşimovun ailəsi Balıkesirde
Layihələr
Qardaş Ailə layihəsi çərçivəsində şəhid general-mayor Polad Həşimovun ailəsi Balıkesirde
TÜİB həyata keçirdiyi "Qardaş Ailə Layihəsi" çərçivəsində Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn vətən oğullarının ailələrinin Türkiyədəki şəhid ailələri ilə qardaşlaşması layihəsinin növbəti qəhrəmanı isə 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovdur. Şəhidimizin anası Səmayə Həşimova və bacısı Kəmalə Həşimova Balıkəsir Böyük Şəhər Bələdiyyəsinin sədri Yücel Yılmazın ev sahibliyində Balıkesirdə qonaq edilib. Balıkesir Böyük Şəhər Bələdiyyəsinin dəstəyi ilə həyata keçirilən səfərdə Edremit Körfəzində gəzinti proqramından sonra Havran Bələdiyyəsinin sədri Emin Ersoy, Balıkesir Universitetinin rektor vəkili Prof.Dr. İbrahim Türkmen ziyarət edilib. Havran şəhər müzeyi, Seyid Onbaşının məzarını ziyarət edən Həşimov ailəsi daha sonra Balıkesir Universitetində təhsil aldıqdan sonra Vətən qarşısında borcunu yerinə yetirmək üçün öz istəyi ilə ölkəsinə dönən və Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması üçün döyüşərkən şəhid olan Məmmədağa Səfərovun adının verildiyi konfrans salonunda universitet rəhbərliyi ilə görüşü keçirilib. Türkiyədəki qardaş ailə, 2015-ci ildə Hakkarinin Dağlıca bölgəsində PKK terror təşkilatinın üzvlərnin təşkil etdiyi hücumda şəhid olan çavuş Deniz Göçkünün ailəsi ziyarət edildi. Şəhid çavuşun anası Ayfər Göçkün ilə görüşən şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova bir-birini qucaqlayaraq duyğulu anlar yaşadılar. Azərbaycan torpaqlarının bütövlüyü naminə canlarını fəda edən əziz şəhidlərimizin xatirəsini hər zaman böyük ehtiram hissi ilə anır və yad edirik. Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə birgə hazırladığımız "Qardaş ailə" layihəsi də məhz bu məqsədə xidmət edir. “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platformamız çərçivəsində biz də ölkə ərazisində geniş vüsət almış bu kimi nəcib təşəbbüsləri davam etdiririk.