“Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində “YAŞAT” Fondu ilə birlikdə təşkil edilən şəhid ailələrinin Ankara səfəri Türkiyə milli müdafiə naziri Yaşar Güler tərəfindən xüsusi dəstəklənib.

Türkiyənin Azərbaycandakı keçmiş səfiri cənab Erkan Özoralın himayəsində və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın təşəbbüsü ilə yaradılan “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində “YAŞAT” Fondu ilə birlikdə təşkil edilən şəhid ailələrinin Ankara səfəri Türkiyə milli müdafiə naziri Yaşar Güler tərəfindən xüsusi dəstəklənib. Qarabağ müharibəsi şəhid ailə üzvləri Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Metin Gürak tərəfindən qəbul edilib. Görüşdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov iştirak edib. Türkiyəli nazir vətən torpaqlarının bütövlüyü naminə canlarını fəda edən şəhidlərin əziz xatirəsini ehtiramla yad edib. “Azərbaycan oğulları torpaqlarını geri qaytarmaqla əsl vətənpərvərlik nümayiş etdirdilər. Bu qəhrəmanlar türklərə yaraşan hərəkət ediblər. 44 günlük müharibədə Azərbaycanın şanlı ordusunun əldə etdiyi böyük qələbə Azərbaycan xalqının onilliklər boyu üzləşdiyi ədalətsizliyə son qoydu. Bu qələbə həm də işğal dövründəki qanunsuzluqlara göz yumanların hamısına cavab oldu”, - deyə Yaşar Güler bildirib. Yaşar Güler vurğulayıb ki, türk xalqının iradəsini qırmağa heç kimin gücü çatmaz. “Türk milləti min illərlə şanlı tarixi boyunca bu dəyərlər uğrunda hər cür fədakarlıq göstərmiş, lazım gəldikdə canından belə keçmişdir. Azərbaycan türkü də sinəsində qanayan bir yara olan Qarabağın azadlığı üçün əcdadımıza layiq şəkildə vətəninə, haqqına, hüququna və öz torpaqlarına sahib çıxmışdır” – deyə nazir vurğulayıb. Sonda “Dəyərli qardaşlarım, bu fürsətlə "Tək Vətən Hərəkatı"nda şəhid olan əziz şəhidlərimiz başda olmaqla bütün şəhidlərimizi, əbədiyyətə qovuşan qazilərimizi rəhmət və minnətlə yad edirəm; həyatda olan qəhrəman qazilərimizə, şəhid və qazilərimizin siz dəyərli ailələrinə hörmət və minnətdarlığımı bildirirəm. Sizləri bir daha sevgi və hörmətlə salamlayıram. Xoş gəlmisiniz. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!” -deyə qeyd edib.

Tarix
30 Avqust 2024
Baxış: 164
Digər xəbərlər