TÜİB İdarə Heyəti Dövlət Gömrük Komitəsinin sədri ilə görüşdü
Tuib xəbərləri
TÜİB İdarə Heyəti Dövlət Gömrük Komitəsinin sədri ilə görüşdü
TÜİB İdarə Heyəti Dövlət Gömrük Komitəsinin sədri ilə görüşdü 2 sentyabr 2025-ci il tarixində Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov tərəfindən qəbul edilib. Qonaqları salamlayan Komitə sədri yeni inzibati binada TÜİB nümayəndələrini qəbul etməkdən məmnunluq duyduğunu bildirib. O, biznes nümayəndələri ilə Gömrük Komitəsi arasında sıx əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, TÜİB üzvləri ilə görüşlərin təşkili, mövcud problemlərin müzakirəsi və onların həlli üçün təkliflərin dinlənilməsinə hər zaman açıq olduqlarını qeyd edib. Görüş zamanı, gömrük–biznes əməkdaşlığının inkişafı baxımından bu kimi tədbirlərin vacibliyi xüsusi vurğulanıb. Eyni zamanda, gömrük sistemində biznes yönümlü layihələrin rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, ticarət proseslərinin səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən söz açılıb. İştirakçılar xarici ticarət əməliyyatları zamanı sahibkarların üzləşdiyi məsələləri diqqətə çatdırıb, onların təklif və rəyləri dinlənilib, səsləndirilən suallar isə ətraflı şəkildə cavablandırılıb. TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat göstərilən diqqət və qəbula görə təşəkkürünü ifadə edərək, Birliyin 6-cı dönəm üzrə seçilmiş yeni İdarə Heyəti haqqında məlumat verib. O, TÜİB-in dövlət–biznes dialoqunda daha fəal rol oynamasını əsas hədəf kimi müəyyən etdiyini vurğulayıb. İdarə Heyətinin sədr müavini Savaş Uzan Gömrük Komitəsinin yeni inzibati binaya köçməsi münasibətilə təbriklərini çatdırıb, uğurlar arzulayıb. O, TÜİB-in dövlət qurumları ilə əməkdaşlıqlarını genişləndirmək və B2G formatlı görüşlərin keçirilməsini planlaşdırdıqlarını qeyd edib. Görüşdə TÜİB-in Logistika və Gömrük Komissiyasının sədri Vüsal Xəlilov və İdarə Heyətinin sədr müavini Günay Ağayeva komissiyanın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat veriblər. Həmçinin Orta Dəhliz, Zəngəzur Dəhlizi və Naxçıvan Azad İqtisadi Zonası ilə bağlı müzakirələr aparılıb, gələcək planlar barədə fikir mübadiləsi edilib. İkra Logistika şirkətinin İdarə Heyətinin sədri Akın Konyar isə logistika dəhlizlərinin daha effektiv fəaliyyət göstərə bilməsi üçün öz təkliflərini irəli sürüb. Sonda Şahin Bağırov biznes–gömrük əməkdaşlığının prioritet olduğunu vurğulayaraq, özəl şirkətlərlə sıx əməkdaşlığa hər zaman hazır olduqlarını bildirib. Görüş çərçivəsində TÜİB nümayəndələri yeni inzibati binada yerləşən Gömrük Tarixi Muzeyi ilə də tanış olublar və onlara muzeydəki eksponatlar haqqında ətraflı məlumat verilib.