“Qardaş ailə” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi baş leytenant Kamran Kazımovun ailə üzvləri Türkiyənin Bursa şəhərinə yola salınıb.

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi (TÜİB) ilə Dövlət Sosial Müdafiə Fondunun birgə həyata keçirdiyi “Qardaş ailə” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi baş leytenant Kamran Kazımovun ailə üzvləri Türkiyənin Bursa şəhərinə yola salınıb. Səfərdən əvvəl DSMF və TÜİB-in nümayəndələri şəhidin ailə üzvləri ilə görüşüb. Görüşdə tarixi torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda döyüşlərdə canından keçmiş qəhrəman Vətən övladlarının, o cümlədən Kamran Kazımovun xatirəsinin qəlbimizdə əbədi yaşayacağı vurğulanıb. Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirib. Bursa Böyükşəhər Bələdiyyəsinin sədrinin ev sahibliyində həyata keçirilən səfər zamanı ailə Türkiyə dövlət qurumları tərəfindən qəbul edilib. Bursa Böyükşəhər Bələdiyyəsinin sədr vəkili Ali Mersin və T.C.Bursa Aile ve Sosyal Hizmetler İl Müdürü Muhammer Doğan tərəfindən qəbul edilən ailə üzvləri böyük ehtiramla qarşılanıb, şəhid və onların ailələrinin hər iki dövlət üçün müqəddəs olduğu bildirilib. Görüş zamanı “Qardaş Ailə” layihəsinin önəmliliyindən bəhs edilərək, layihənin şəhid ailələrinin diqqətdə saxlanılması və mənəvi dəstəklə ilə yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmliyini nümayiş etdirdiyi bildirilib. Həmçinin şəhidi baş leytenant Kamran Kazımovun ailə üzvləri "Bursa-Azərbaycan İnavosyon və Dayanışma Derneği" ilə bir araya gələrək Bursanın şəhid ailələri ilə tanış olub. Azərbaycan torpaqlarının bütövlüyü naminə canlarını fəda edən əziz şəhidlərimizin xatirəsini hər zaman böyük ehtiram hissi ilə anır və yad edirik. Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə birgə hazırladığımız "Qardaş ailə" layihəsi də məhz bu məqsədə xidmət edir. “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platformamız çərçivəsində biz də ölkə ərazisində geniş vüsət almış bu kimi nəcib təşəbbüsləri davam etdiririk.

Tarix
19 Fevral 2024
Baxış: 345
Digər xəbərlər