“Qardaş Ailə” layihəsi çərçivəsində şəhid Murat Üçözün ailəsi Azərbaycanda səfərdə

44 günlük Zəfər müharibəsindən sonra TÜİB olaraq, şəhid ailələrinə və qazilərə mənəvi dəstəyimizi davam etdiririk. “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində həyata keçirilən “Qardaş Ailə” layihəsinin əsas məqsədi Azərbaycan və Türkiyə şəhid ailələri arasında mənəvi körpü yaratmaq, bu ailələri bir araya gətirməklə iki qardaş xalqın ortaq tarixini, ağrısını və qürurunu paylaşmaqdır. Bu təşəbbüs çərçivəsində həm Türkiyədə şəhid olmuş hərbçilərin ailələrinin Azərbaycana, həm də Azərbaycanın şəhid ailələrinin Türkiyəyə səfərləri təşkil olunur. Həyata keçirilən ziyarətlər sadəcə rəsmi protokollarla məhdudlaşmır – bu səfərlər zamanı ailələrə xalqın, dövlətin, iş dünyasının və cəmiyyətin ürəkdən gələn ehtiramı, diqqəti və mənəvi dəstəyi göstərilir. Bu münasibət, şəhid ailələrinin hər iki ölkədə daşıdığı müqəddəs və ağır yükə verilən yüksək dəyərin bariz nümunəsidir. Bu çərçivədə, 2017-ci il iyun ayında Türkiyənin Hakkari vilayətinin Çukurca bölgəsində PKK terrorçularının hücumu nəticəsində şəhid olmuş Piyade Yüzbaşı Murat Üçözün valideynləri – anası Ayşe Üçöz və atası Tümen Üçöz Azərbaycana dəvət olunublar. Ailə hava limanında TÜİB tərəfindən qarşılanıb, Bakının tarixi və mədəni məkanları ilə tanış edilib, Azərbaycan və Türkiyə şəhidliklərini ziyarət edərək qəhrəmanlarımızın ruhuna dualar oxunub, onların xatirəsinə ehtiram bildirilib. Layihənin əsas məqsədlərindən biri kimi iki ölkənin şəhid ailələrinin qardaşlaşdırılması niyyəti ilə Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Rəşad Quliyevin ailəsinə ziyarət təşkil olunub. Bu mənalı görüş zamanı hər iki ailə ortaq acılarını, eyni zamanda övladlarının qəhrəmanlığı ilə bağlı duyduqları qüruru bölüşüb. Ziyarət çərçivəsində ailə işğaldan azad olunmuş Qarabağ bölgəsini də ziyarət edib. Onlar şəhidlərimizin canı və qanı bahasına azad edilmiş bu müqəddəs torpaqlarda ruhlarına dualar oxuyaraq, müstəqillik və torpaq bütövlüyü uğrunda verilmiş mübarizəyə dərin ehtiramlarını bildiriblər. TÜİB olaraq, belə təşəbbüslərlə həm şəhid ailələrinə mənəvi dəstəyimizi göstərir, həm də Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bir daha nümayiş etdiririk.

Tarix
7 İyul 2025
Baxış: 12
Digər xəbərlər