Dövlət Miqrasiya Xidməti və Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu növbəti biznes forum təşkil edib...
Dövlət Miqrasiya Xidməti və Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu növbəti biznes forum təşkil edib...
24 may 2017
Dövlət Miqrasiya Xidməti və Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu növbəti biznes forum təşkil edib...
Mayın 24-də Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin iştirakı ilə biznes forum təşkil edib. Biznes forumda Azərbaycanın miqrasiya siyasətinin başlıca aspektləri müzakirə olunub. TÜİB-i idarə heyətinin üzvləri Osman Gezeker və Nəcməddin Taşbağ təmsil edib.
Müşavir bildirib ki, Dövlət Miqrasiya Xidməti Azərbaycanın inkişafından ilk növbədə ölkə vətəndaşlarının bəhrələnməsinin təmin olunması ilə bağlı Prezident İlham Əliyevin müəyyən etdiyi məqsədə uyğun olaraq əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə yalnız müəyyənləşdirilmiş kvota çərçivəsində cəlb edilməsinə dövlət nəzarətini uğurla həyata keçirir. Xatırladaq ki, əmək miqrasiyası kvotası hər il növbəti ilin başlanmasına 3 ay qalmış Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Xidmət rəisi deyib ki, bununla belə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq, Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb.
Görüşdə biznes forum iştirakçılarının təklifləri, eləcə də Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzv şirkətlərini maraqlandıran məsələlər müzakirə olunub. Biznes forum çərçivəsində şirkətlər Azərbaycanın miqrasiya siyasəti ilə bağlı onları maraqlandıran suallara cavab tapıblar.
Biznes forumda şirkət rəhbərləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
