“The First” mükafatı alanlardan biri də TÜİB sədri Hüseyin Büyükfırat olub
“The First” mükafatı alanlardan biri də TÜİB sədri Hüseyin Büyükfırat olub
20 oktyabr 2017
Müstəqillik Günümüzün qeyd olunduğu tarixdə “Hilton” otelində “THE FİRST” mükafatının VIII təqdimetmə mərasimi baş tutub.
Mükafatlandırma mərasiminə dövlət rəsmiləri, deputatlar, ictimaiyyət nümayəndələri, sənət adamları qatılıblar. Mükafat alanlar arasında akademik İsa Həbibbəyli, deputatlardan Məlahət İbrahimqızı, Fəzail Ibrahimli, Türkiyənin mədəniyyət müşaviri İrfan Çiftçi, TÜİB sədri Hüseyin Büyükfırat, Azərbaycan Yazıçılar Birliyinin və Bəstəkarlar İttifaqının sədrləri, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, Xalq Yazıçısı Anar, Xalq artistləri Firəngiz Əlizadə, Vaqif Mustafayev, Rasim Balayev, Rəşad Məcid və digər şəxslərin də adı olub. Tədbirdə həmçinin, Türkiyə və Cənubi Azərbaycandan olan qonaqlar da iştirak edib.
Mükafat alan TÜİB sədri Hüseyin Büyükfırat təqdimatın belə bir əlamətdar günə -18 Oktyabr müstəqillik gününə təsadüf etdiyini məmnunluqla vurğulayıb:
“Bu ölkədə fəaliyyətə başlamağımın müddəti Azərbaycanın müstəqilliyinin bərpa tarixi ilə demək olar ki, eynidir. Azərbaycanı öz vətənim qədər sevirəm. Şadam ki, belə bir mükafata layiq görüldüm”.
Xatırladaq ki, “The First” (“Birinci”) mükafatı 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərən “Xəyal Production” tərəfindən həyata keçirilir və ilin ən yaxşılarını müəyyənləşdrimək üçün təşkil olunur.



