Türkiyə və Azərbaycan kənd təsərrüfatı nazirləri iş adamları ilə işgüzar naharda
Türkiyə və Azərbaycan kənd təsərrüfatı nazirləri iş adamları ilə işgüzar naharda
Dərc Edildi
11 dekabr 2018
Dekabrın 11-də Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli və Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov türk iş adamları ilə işgüzar nahar ediblər. Azərbaycanda türk iş adamlarını özündə birləşdirən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi (TÜİB) və Azərbaycan Türk İş Adamları Birliyi (ATİB) tərəfindən təşkil edilən işgüzar naharda Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, TÜİB və ATİB üzvləri, iş adamları, Azərbaycandakı türk icmasının digər təmsilçiləri və media nümayəndələri iştirak edib.
Tədbirdə TÜİB və ATİB rəhbərləri Azərbaycan və Türkiyə nazirlərini salamlayıb, onlara iş adamları ilə görüşdüklərinə görə təşəkkür edibər.
Tədbirdə çıxış edən TÜİB sədri Hüseyin Büyükfırat biznes və dövlət qurumları arasında münasibətlərin vacib və ümumi işə faydalı olduğunu bildirib. İş adamı bildirib ki, dövlət qurumları ilə biznes arasında aparılan dialoq və müzakirələr biznes mühitinin daha da yaxşılaşmasına şərait yaradır. Nazirlər bu çıxışlara görə natiqlərə təşəkkür ediblər.
İşgüzar naharda iş adamları üçün aktual məsələlər müzakirə edilib, iş adamlarına çıxış etmək və dövlət nümayəndələrinə sorğu vermək imkanı yaradılıb.
Tədbir olduqca gözəl əhval-ruhiyyədə keçib. Azərbaycanın tanınmış müğənnisi, Azərbaycan muğamlarının və xalq mahnılarının gözəl ifaçısı Fərqanə Qasımovanın ifaları işgüzar nahara xüsusi rəng qatıb.
Tədbirdə TÜİB-in Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirliyə xatirə hədiyyəsi də təqdim edilib.



















