UZUN İLLƏRDƏN SONRA BURADA DA İLK ZƏNG ÇALINDI
UZUN İLLƏRDƏN SONRA BURADA DA İLK ZƏNG ÇALINDI
19 sentyabr 2017
Cocuq Mərcanlının balaca sakinləri, Çingiz və Mahmud qardaşları bu gün ilk dəfə şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı məktəbinin birinci sinfinə qədəm qoyurlar. Qardaşlar torpağı hələ də erməni işğalında olan həmyaşıdlarından şanslıdır. Çünki onlar məktəbə doğma yurdda başlayırlar. Mahmud Çingizdən iki yaş böyük olsa da, 1-ci sinifə getmək ona yalnız bu il nəsib olub.
Balacalar üçün Cocuq Mərcanlı məktəbinin qarşısında çal-çağır da qurulub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Ali İhsan Genc, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı və rayon ictimaiyyətinin nümayəndələri də şagirdlərin sevincini bölüşməyə gəliblər.
Cocuq Mərcanlı məktəbinin şagirdləri elə ilk gündən fəaldırlar. Onların bu fəallığından Azərbaycan Mühəndislik Universitetinin tələbələrinin hazırladığı Robot da ilhamlanmışdı. “Uzun dərə” rəqsini əsl rəqqas kimi ifa edən robotun rəqsini dərsə çağırış zəngi kəsdi.
Bu gün Cocuq Mərcanlıda 24 ildən sonra ilk dəfə məktəb zəngi çalınır. Bu gündən sonra Cocuq Mərcanlı məktəbində təhsil alan 60 şagird hər gün bu zəngin sədaları ilə böyüyəcək.
Cocuq Mərcanlı məktəbində 11 sinif komplekti olacaq. Hər sinifdə 5, 7, 9 şagird təhsil alacaq. 7 şagird 1-ci sinfə , 9 şagird 2-ci sinfə, 5 şagird isə 4-cü sinfə gedəcək. “Təhsil haqqında” qanuna görə, yaşayış yerinin ətrafında, yaxınlığında məktəb olmayanda sinif komplektləri açılır və müəllimlərə buna uyğun əmək haqqı verilir. Şagirdlərin təlim tərbiyəsi ilə 16 müəllim məşğul olacaq. Onlardan 13-ü Cocuq Mərcanlı sakinidir.
Məktəbdə kimya və bədən tərbiyəsi müəllimi çatışmır. Onlar da qonşu məktəblərdən əvəzçilik qaydasında dərs deməyə dəvət ediliblər. Məktəb tam gücü ilə fəaliyyətə isə Cocuq Mərcanlının bərpasının ikinci mərhələsi başa çatandan sonra başlayacaq. Tikilməkdə olan digər 100 evin sakinləri doğma kəndlərinə köçəndən sonra 96 yerlik məktəbdə əlavə korpuslar da tikilə bilər. Hələliksə məktəb ilkin mərhələdə təhvil verilən 50 fərdi evin sakinləri üçün fəaliyyət göstərir.
Azərbaycan ordusu 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyini işğaldan azad etdikdən sonra yeni həyat qazanan Cocuq Mərcanlı hər gün bir az da böyüyür. Təxminən 3 aydan sonra təhvil veriləcək yeni evlərin sakinləri də məskunlaşandan sonra burda haylı-küylü kənd həyatı başlayacaq. Bundan sonra, əvvəl səsimiz, sonra ayağımız işğal altında olan digər toppaqlara - Laçına, Şuşaya doğru yol alacaq.