TUİB Azərbaycanda Özəlləşdirmə Forumuna qatılıb
TUİB Azərbaycanda Özəlləşdirmə Forumuna qatılıb
21 fevral 2017
Azərbaycanda həyata keçirilən özəlləşdirmə iqtisadiyyatda özəl sektorun payının artmasına, ölkəyə xarici investisiyaların cəlb edilməsinə və ümumilikdə iqtisadi inkişafa müsbət təsir edə bilər. Bu barədə Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyindən (TUİB) bildirilib.
Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TUİB) İdarə Heyəti “Özəlləşdirmə sahəsinə investisiyalar: yeni imkanlar və çağırışlar” mövzusunda İşgüzar Forumda iştirak edib.
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən fevralın 15-də təşkil edilən Forumda ƏMDK-nin rəhbərliyi ilə yanaşı, İqtisadiyyat Nazirliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun nümayəndələri, TUİB, habelə, ölkənin ən iri və nüfuzlu holdinq, assosiasiya, bank, şirkətlər qrupu və ittifaqlarını təmsil edən 100-dən artıq sahibkarlıq subyekti, məsləhətçi və iş adamları iştirak edib. Tədbirdə TUİB-i təşkilatın İdarə Heyətinin Sədrinin Muavini Birol Oğuz təmsil edib.
Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TUİB) İdarə Heyətinin Sədri Əli İshan Gənc bildirib ki, vaxtında və bacarıqla həyata keçirilən özəlləşdirmə Azərbaycandakı iqtisadi inkişafa dəstək ola bilər: «Özəlləşdirmənin doğru zamanda və doğru məqsədlə həyata keçirilməsi, iqtisadi faydası azalmış olan müəssisələrin və daşınmaz əmlakların iqtisadiyyata qazandırılması bunun nəticəsi olaraq da, inkişafın mühüm bir aləti ola bilər».
TUİB İdarə Heyətinin Sədrinin Muavini Birol Oğuz bildirib ki, TÜİB Azərbaycan iqtisadiyyatının inkişafında özəl sektorun çəkisinin və təsirinin artırılmasını müsbət hal kimi dəyərləndirir: «Bununla bağlı olaraq özəlləşdirmənin, xüsusilə də xarici investisiyaların ölkəyə gəlməsi üçün görülən tədbirləri yüksək qiymətləndiririk. TÜİB olaraq, Türkiyə iş adamlarının sənaye sahəsinə daha təsirli olması üçün səylər göstəririk».
Forumda sahibkara dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, bu sahədəki yeni yanaşmalar, innovasiyaların tətbiqi, özəlləşdirməyə yeni açılmış müəssisə və sahələr, şəffaflığın artırılması ilə bağlı görülən təbliğat və maarifləndirmə tədbirləri barədə məlumat verilib.
İşgüzar Forum çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında yerli sahibkarların özəlləşdirmədə iştirakının dəstəklənməsi, birgə konfrans və forumların, habelə özəlləşdirilən müəssisələrə infoturların təşkilini əhatə edən əməkdaşlıq haqqında memorandum imzalanıb.






