Avni Demirci:«Azərbaycanda həmişəlik qalmaq üçün gəlmişik»-MÜSAHİBƏ
Avni Demirci:«Azərbaycanda həmişəlik qalmaq üçün gəlmişik»-MÜSAHİBƏ
9 sentyabr 2017
«Azərbaycanda həmişəlik qalmaq üçün gəlmişik»
Son vaxtlar Azərbaycanda baş verən iqtisadi proseslər, həm real iqtisadiyyat, həm də bank sistemi üçün yeni fürsətlər yaradıb. İqtisadiyyatın qeyri-sabit dönəmində Azərbaycan bazarına daxil olan Türkiyənin «Ziraat Banka»sının ölkəmizlə bağlı böyük planları var. «İş Dünyamız»ın suallarına «Ziraat Bank Azərbaycan» ASC-nin İdarə Heyətinin sədri Avni Demirci cavab verir.
- Avni bəy, Azərbaycan və Türkiyə həm qardaş ölkələr, həm də ən yaxşı ticarət partntorlarıdır. Bu işbirliyində Ziraat Bank-ın rolu nədən ibarətdir?
- Azərbaycanla Türkiyə arasındakı yaxınlıq təkcə tarixi və mədəni deyil, həm də iqtisadi əlaqələrdə hiss olunur. Türkiyə Azərbaycanın ən çox mal idxal etdiyi ölkələrdən biridir. Öz növbəsində, Türkiyə də Azərbaycandan böyük həcmdə enerji daşıyıcıları idxal edir. Bu iş birliyi Ziraat bankı üçün çox önəmlidir. Çünki ticarəti dəstəkləyən ödəmə vasitəçiliyi və bank olmalıdır. Ziraat bankı da hazırda Azərbaycan-Türkiyə ticarət əlaqələrində körpü rolunu oynayır. Biz bunu davam etdirmək və artırmaq niyyətindəyik. Çünki qarşılıqlı ticarət vasitəçiliyi, maliyyələşdirilməsi bizim ən önəmli sahələrimizdən biridir.
Digər tərəfdən, bankımız Azərbaycanın təkcə Türkiyə deyil, digər ölkələrlə də iqtisadi əlaqələrinə dəstək vermək istəyir. Sadə desək, biz Azərbaycanın xarici ticarətində rol almaq istəyirik. Bu, bizim əsas məqsədlərimizdən biridir.
- Ziraat bankı Türkiyədən başqa Azərbaycanın hansı ölkələrlə əlaqələrinə dəstək verə bilər?
- Dünyanın demək olar ki, bütün ölkələrində dəstək verə bilərik. Hazırda Ziraat Bankının dünyanın 18 ölkəsində bölməsi var. Həmin ölkələrdə birbaşa dəstək verə bilərik, digər ölkələrdə isə çox geniş müxbir banklar şəbəkəmiz vasitəsilə istənilən maliyyə vasitəçiliyi edə bilərik. Bizim əsas üstünlüyümüz beynəlxalq bank şəbəkəsinə malik olmamızdır. Azərbaycan bu şəbəkədən istifadə etməkə başqa ölkələrə çıx bilər.
- Məsələn, hansı ölkələr üzrə əməliyyatlara dəstək verə bilərsiniz?
- Məsələn, Rusiya, Avropa, Orta Asiya və bu kimi bölgələrdəki ölkələrdə bizim öz bankımız vardır, mən özüm də Bakıya elə Rusiyadan gəlmişəm. Digər iri dövlətlərdə, məsələn, Çində bankımız olmasa da, müxbir banklarımız vasitəsilə istənilən əməliyyatı apara bilirik. Başqa sözlə, Azərbaycanın iqtisadiyyatına, ticarətinə və istehsalına hansı formada dəstək lazımdırsa verməyə hazırıq.
- Türkiyənin ən dayanıqlı, Avropanın isə 2-ci ən dayanıqlı bankı Azərbaycan bazarına maliyyə böhranı yaşanan bir dönəmdə daxil oldu. Maliyyə sektorunda dəyişikliklər indi də davam edir. Bu şəraitdə Ziraat Bankı fəaliyyətini necə qurub?
- Ziraat bank Türkiyənin həm ən böyük bankı, həm də dövlət bankı, yəni səhmləri 100% dövlətə məxsus olan bankdır. Müxtəlif göstəricilərə görə, Türkiyənin ən böyük bankıyıq. O ki qaldı dayanıqlığa, biz dövlət bankı olsaq da, əslində bankımız beynəlxalq üsullarla, müasir texniki və modern sistemlərlə idarə olunur. Dayanıqlığımızın əsas səbəbi də, müasir standartlara uyğun işləməyimizdir. Türkiyə dövlətinə məxsus olmağımız isə bizə əlavə bir güc qatır.
Bizim 153 illik tariximiz, bu müddətdə əldə etdiyimiz təcrübə və bizə inam var. Bundan sonra da 153 illər inkişaf etmək niyyətindəyik. Biz bu üstünlükləri Avropada da inkişaf etdiririk. Nəticədə «Banker» dərgisinin sıralamasına görə, biz Qərbi Avropanın ən dayanıqlı ikinci bankıyıq.
Bankçılıq inam üzərində qurulub. Sizə pul etibar edən üştərilər sizə inanmalıdırlar. Biz də bu inamı qazanmaq üçün lazım olandan da artığını edirik.
- Bank sektorundakı dəyişiklikləri necə qiymətləndirirsiniz?
- Azərbaycandakı durumu böhran saymıram, sadəcə neftin qiyməti ucuzlaşdığından ölkənin gəlirləri azalıb. Amma Azərbaycan bunun öhdəsindən gəlməyi bacardı. Başda cənab prezident İlham Əliyev olmaqla hökumət tərəfindən bu problemlərin həlli üçün önəmli addımlar atılır.
Xüsusilə bank sisteminin sağlamlaşdırılması üçün yeni sistem quruldu. Yeni təşkilat - Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı. Bununla da bazarın təşkili və nəzarət funksiyaları bir-birindən ayrıldı. Nəzarət funksiyaları daha da təkmilləşdirildi. Necə deyərlər, «yeməyi bişirənlə, onun dadına baxan»ın funksiyaları ayrıldı. Palata isə, öz növbəsində, bankların daha şəffaf və açıq şəkildə fəaliyyət göstərməsinə, bütün göstəricilərin tam və vaxtında açıqlanmasına çalışır, buna da nail olur. Biz bu prosesi tam dəstəkləyirik, çünki bank sektorunda ən vacib amil şəffaflıqdır. Belə olanda insanlar bank sisteminə daha da inanırlar.
- Sizin bazara daxil olmağınız iqtisadi aktivliyin aşağı düşməsinə təsadüf etdi. Belə vəziyyətdə nə etdiniz?
- Biz bazara daxil olanda ardıcıl iki devalvasiya baş verdi və bunların bizə də təsiri oldu. Amma bizim bir fərqimiz var - daha düzgün analiz etməyi bacarırıq. Biz kredit verəndə firmaların kredit qaytarma qabiliyyətini ölçürük. Sadəcə təminatı vəya gəliri əsas götürmürük. Bu məsələni 3 ayaqla həll edirik - birinci, kreditin məqsədi olmalıdır, ikincisi, kredit qaytarmaq üçün gəlir olmalıdır, üçüncüsü, kreditin təminatı olmalıdır. Yalnız bu halda kredit veririk. Bundan başqa, biz özümüz bir kredit reytinqi sistemi qurmuşuq - şirkətləri kreditə uyğun olub-olmadığına görə A, B və C kimi qruplaşdırırıq. Bu qruplara daxil olan şirkətlərin kredit qabiliyyətləri başqa olduğuna görə, onlara verilən kreditlərin şərtləri də fərqli olur. Yəni, C qrupundakı firmanın krediti A reytinql şirkətin kreditindən daha bahalıdır. Çünki risklər daha yüksəkdir.
Biz kredit verəcəyimiz firmanı, onun sahibini, bütün məlumatları dəqiq araşdırırıq. Ola bilər ki, hər şey yerindədir, amma onun sahibi işi bilmirsə, o bizim üçün mənfi siqnaldır. Sadəcə pula sahib olmaq hələ işi bilmək deyil. Bir neçə amil üst-üstə düşməlidir ki, kredit verilməsi ümkün olsun.
- Bu reytinqləri digər banklarla bölüşərsinizmi?
- Məmnuniyyətlə, kaş bütün banklar belə çalışsınlar ki, «çürük», arxasında heç nə olmayan firmalar, heç bir reytinqi və kredit ödəmə qabiliyyəti olmayan firmalar üzə çıxardı. İqtisadiyyatda nağd ödənişlər böyük olduğundan firmalardakı dəqiq vəziyyəti görmək asan deyildi. 2017-ci ilin əvvəlindən isə nağd ödənişlər məhdudlaşıb, bütün ödənişlər banklar vasitəsilə aparılır və indi biz firmaların real dövriyələrini daha dəqiq görə bilirik. İndiyədək banklar firmalar barədə məlumatı yalnız onun sahibindən alırdı. İndi isə bütün dövriyyə bankdan keçdiyinə görə, hər şeyi görə bilirik. Və onların dövlətə verdiyi vergi bəyannaməsi bizim üçün kifayət edəcək.
- Avni bəy, iş başına keçdiyinizdə Azərbaycanda 43 bank vardı. Hazırda 33 bank qalıb. Bu prosesi necə qiymətləndirirsiniz?
- Bankçılıq bir sərmayənin bir işə yatırılmasıdır. İnsanların banklara yatırdığı pullar və bankların verdiyi kreditlər onların aktiv-passiv sistemini formalaşdırır. Bu balans pozulanda bankların sağlamlaşma problemləri yaranır. Devalvasiyadan sonra valyutanın bahalaşmasından ortaya çıxan kapital qıtlığı və kreditlərin qaytarılmasında yaranan problemlər bankları çox çətin duruma saldı. Nəticədə banklar öz kapitallarını xərcləməyə başladılar və onların kapitalı 50 milyon manatlıq tələbdən aşağı düşdü. Belə vəziyyətdə ya banka yeni sərmayəçi cəlb olunmalı idi, ya da kənardan pul tapılmalı idi. Bu da baş verməyəndə dövlət tədbir görür - lisenziyanı geri alır. Bunun nəticəsində bank sistemi sağlamlaşır, daha sağlam və etibarlı hala gəlir.
- Son vaxtlar Azərbaycan və Türkiyə arasındakı hesablaşmalarda və ticarət dövriyyəsində dollardan imtina olunması təklif edilir. Bu ideyaya necə baxırsınız?
- Biz artıq bu işə başlamışıq. Yəni manatla türk lirəsi arasında üçüncü valyutaya ehtiyac olmadan ticarəti maliyyələşdiririk. İnsanlar bizə manatlarını gətirdikləri zaman, onlara TL sataraq və TL gətirdikləri zaman manat sataraq bu işləri aparırıq. Yəni hər şeyi dövlətdən gözləmək lazım deyil. 2016-cı ildə 5 milyon türk lirəsi həcmində manat-lirə ticarəti etmişik. Bu il daha da artırmaq niyyətindəyik, nə qədər tələbat olacaqsa etməyə hazırıq. Ziraatın baş ofisi də bu məsələdə bizə dəstəkdir. İndi isə iki ölkənin mərkəzi banklarının da bu prosesə qoşulub «svop» anlaşmaları edərək qarşılıqlı dəyişimlərə başlaması lazımdır.
- Bu üsul sahibkarlar üçün sərfəlidirmi?
- Əlbəttə, baxın, tutaq ki, Azərbaycandan bir iş adamı Türkiyədən mal almaq istəyir, amma əlində manatı var. İndi proses belədir: mal alınması üçün müqavilə dollar və ya avroda bağlanır, iş adamı burada manatını dollara çevirir və valyuta mübadiləsindən bir qədər itirir, oradan gedir Türkiyəyə və dollarını türk lirəsinə çevirərək bir dəfə də orada itirir. Yəni bu üsul ilk növbədə vəsait itkisi ilə nəticələnir. Digər problem bu mübadilələrin vaxt itkisinə səbəb olmasıdır. Bizim sistemdə isə üçüncü ölkənin puluna ehtiyac olmadan öz pullarımızı birbaşa dəyişirik.
- Ziraat Bank Azərbaycanda hansı sahələrin inkişafını prioritet sayır və kredit siyasətində əsas götürür?
- Ziraat Bankının siyasəti var, amma biz ölkənin reallıqlarını da nəzərə alırıq. Azərbaycanda dövlət başçısı bəyan edib ki, artıq neft dövrü başa çatır və qeyri-neft, xüsusilə də, kənd təsərrüfatı sahəsinin inkişafı başlayır. Ona görə biz də qeyri-eft sektorunun, o cümlədən aqrar sektorun, ticarətin maliyyələşməsinə diqqəti artırırıq. Xüsusilə də kənd təsərrüfatının emal tərəfinə və sənayeləşmiş kənd təsərrüfatına xüsusi diqqət yetirəcəyik. Azərbaycandan ixracı mümkün olan başqa məhsullar da var. Bu sahələri də maliyyələşdirə bilərik. Yəni Azərbaycanın istehsalına dəstək olmağa, inşaat sektorundan başqa, bütün qeyri-neft sektorlarına dəstək verməyə hazırıq.
- Tarixən Türkiyə çoxlu devalvasiya şokları yaşayıb. Azərbaycanda isə manatın məzənnəsi iki dəfə azalıb. Hazırda hökumət sərt-monetar siyasətə üstünlük verir. Necə düşünürsünüz, hansı siyasət daha uğurlu ola bilər?
- Neftin ucuzlaşması ölkənin gəlirlərini azaldıb. Amma Azərbaycanın böyük bir üstünlüyü var. Bu - illərdən bəri Neft Fondunda toplanan valyuta ehtiyatlarıdır. Həmin pullar bir sıra problemləri həll edə biləcək səviyyədədir. Əslində isə, bu vəziyyəti böhran deyil, fürsət saymaq lazımdır. Azərbaycanın neftdən başqa da sata biləcəyi çox şeylər var.
Bundan başqa, dəyəri azalmış manat həm ölkədən ixracat üçün, həm də turizm üçün əlverişli bir mühit yaradır. Çünki manat ucuzlaşdıqca, sizin satdığınız malın dollarda ifadəsi aşağı düşür. Azərbaycanda bu malın maya dəyəri, əmək haqqı və digər xərclər manatla olduğuna görə dəyişmir, amma dollarla qiyməti azaldığına görə, satış qiymətiniz rəqiblər qarşısında daha üstün olur. Məsələn sizin 80 manata buraxdığınız mal, dollar 2 manat olduqda 40 dollara, dollar 1,5 manat olduqda isə 53 dollara satılır. Buna görə də bu vəziyyəti ixracat üçün bir fürsət kimi görmək lazımdır. Çünki 3-5 sent qiymət fərqinə görə, iri şirkətlər istehsalı bir ölkədən digərinə daşıyırlar.
Eyni zamanda insanların qazandığı qədər xərcləməsi də lazımdır. Çünki, vaxtilə Azərbaycanın gəlirləri böyük olduqda insanlar daha artıq xərcləmələrə öyrəşiblər. Amma indi gəlirlər həmin səviyyədə deyil. Ona görə də insanlar daha artıq qazanıb, daha az xərcləməlidirlər. Bu mənada Azərbaycan hökumətinin apardığı pul siyasəti hazırki vəziyətə uyğundur.
- Yaxın vaxtlarda Bakıda Ziraat Bankının yeni baş ofisi işə düşəcək. Bunu bankınızın Azərbaycanda möhkəmlənməsinin simvolu saymaq olarmı?
- Əlbəttə, biz Ziraat Bankı olaraq, Azərbaycanda 30 dekabr 2014 tarixində lisenziya aldıq, təşkilati işlərə başladıq, 2015-ci ilin 1 iyulunda ilk əməliyyatı həyata keçirdik. İşimizi qurmaqla yanaşı, baş ofis üçün yer axtarırdıq. 5 mərtəbəi bir binanı satın aldıq və onun içərisini Ziraat Bankına və Azərbaycana uyğun səviyyədə təmir etdirib burada işləməyə başlayırıq.
Azərbaycan bizim üçün çox önəmli, xüsusi bir ölkədir. Biz 18 ölkədə çalışırıq, amma Azərbaycana verdiyimiz dəyər başqalarından artıqdır. Biz bura bu gün gəlib sabah getmək üçün gəlməmişik. Və ya pul qazanıb, sonra ilk zərərə düşən kimi, ölkədən çıxıb getmək niyyətində deyilik. Bizim bu binanı satın almağımız, sistem yaratmığımız, texnoloji və insan qaynaqlarına pul yatırmamız Azərbaycana, onun gələcəyinə verdiyimiz önəmin göstəricisidir. Biz öz bankımızı öz vətənimizdə qurmuşuq və Azərbaycana buradan heç çıxmamaq üçün gəlmişik.