TÜİB “Həmrəylik Marafonu – IMRF 2026” çərçivəsində tərəfdaş kimi iştirak edib
TÜİB “Həmrəylik Marafonu – IMRF 2026” çərçivəsində tərəfdaş kimi iştirak edib
27 aprel 2026
Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil olunan və beynəlxalq əhəmiyyət daşıyan “Həmrəylik Marafonu – IMRF 2026” çərçivəsində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi tərəfdaş qurum kimi fəal iştirak edərək tədbirə öz töhfəsini verib.
İkinci Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunan marafon Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə, ölkənin bir sıra nüfuzlu qurumlarının birgə təşkilatçılığı və dəstəyi ilə həyata keçirilib. TÜİB-in bu tədbirdə tərəfdaş qismində iştirakı Birliyin sosial məsuliyyət layihələrinə verdiyi önəmin və cəmiyyətlə inteqrasiyaya yönəlmiş təşəbbüslərə dəstəyinin bariz nümunəsidir.
Tədbir çərçivəsində miqrasiya orqanlarının əməkdaşları, Azərbaycanda yaşayan əcnəbilər, dövlət qurumlarının nümayəndələri, xaricdə yaşayan həmvətənlərimiz və miqrasiya könüllüləri bir araya gələrək həmrəylik və birlik mesajı veriblər. Bu baxımdan TÜİB-in iştirakı yalnız təşkilati dəstək deyil, eyni zamanda müxtəlif icmalar arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş strateji yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilir.
Marafonun əsas məqsədi sağlam həyat tərzinin təşviqi, cəmiyyət daxilində sosial inteqrasiyanın gücləndirilməsi və fərqli mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın inkişaf etdirilməsi olub. Yarış Dəniz Mall qarşısından start götürərək Dövlət Bayrağı Meydanı istiqamətində 5 kilometrlik marşrut üzrə təşkil edilib.
Yarışın yekun nəticələrinə əsasən qaliblər müəyyənləşdirilib və ilk üç yeri tutan iştirakçılar kubok, medal və diplomlarla təltif olunaraq qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Tədbirin sonunda təşkilatçılar tərəfindən tərəfdaş qurumlara, o cümlədən TÜİB-ə göstərdikləri dəstəyə görə təşəkkürnamələr təqdim olunub.
TÜİB gələcəkdə də bu kimi sosial, idman və ictimai əhəmiyyətli layihələrdə fəal iştirak edərək Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın gücləndirilməsinə, eləcə də cəmiyyətin müxtəlif təbəqələri arasında inteqrasiyanın inkişafına töhfə verməyə davam edəcək.