Azərbaycan-Türk tarixinin «Nargin faciəsi»- BAKI SƏHNƏSİNDƏ
Azərbaycan-Türk tarixinin «Nargin faciəsi»- BAKI SƏHNƏSİNDƏ
Dərc Edildi
25 oktyabr 2018
Paytaxtımızın işgüzar aləmi, sakinləri və teatr sevərləri tarixi bir tamaşanın şahidi oldular.
Oktyabrın 24-də Bakı Bələdiyyə Teatrı Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində “Nargin faciəsi” tarixi dram tamaşasını təqdim etdi.
Türkiyənin Azərbaycandakı səfirliyinin himayəsi, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) dəstəyi ilə ərsəyə gələn bu tamaşa Azərbaycan və qardaş Türkiyənin 100 il əvvəlki tarixi, Sarıqamışda əsir düşən hərbçilərin xatirəsinə həsr edilmişdi.
Ölkəmizin ən populyar teatrlarından olan Bakı Bələdiyyə Teatrının istedadlı kollektivi tərəfindən böyük ustalıqla təqdim olunan tamaşanı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, səfirliyin nümayəndələri, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) rəhbərliyi və üzvləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, mədəniyyət, incəsənət, elm və ictimaiyyətin nümayəndələri izləyiblər.
Tədbirdə Bakı Bələdiyyə Teatrının rəhbəri, Azərbaycanın xalq artisti, səhnəmizin korifeylərindən olan Amaliya xanım Pənahova çıxış edərək Azərbaycan-Türkiyə qardaşlığından bəhs edib, tamaşa haqqında məlumat verib.
“Nargin faciəsi” tamaşası 1914-1915-ci illərdə rus-türk cəbhəsində Sarıqamış əməliyyatında əsir düşmüş və Nargin adasında çox ağır şəraitdə saxlanıldıqlarına görə əksəriyyəti həlak olmuş minlərlə türk əsgərinin və azərbaycanlı mülki şəxslərin xatirəsinə ithaf edilib.
1914-1915-ci illərdən bəhs edən videoçarxın nümayişindən sonra tamaşa təqdim olunub.
Tamaşanın bədii rəhbəri Xalq artisti Amaliya Pənahova, rejissoru isə Tural Ağayevdir. Rolları Əməkdar artistlər Rafiq İbrahimov, Tofiq Bayramov, Əfqan Soltanov, Əhməd Salahov, “Humay” mükafatı laureatları Zülfiyyə Qurbanova, Tural Əhmədov, Cövdət Şükürov, Toğrul Rza Asif Rəhimov, Rəşid Soltanov və Namiq Cavadov ifa ediblər.
Tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb. Tamaşa zamanı dəfələrlə duyğusal anlar yaşanıb, tamaşaçılar aktyorları və müəllifləri dəfələrlə alqışlayıblar.
Qeyd edək ki, Bakı Bələdiyyə Teatrı Xalq Artisti Amaliya Pənəhovanın rəhbərliyi altında 25 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində reperturarında milli klassik və müasir dramaturqların əsərləri ilə yanaşı qərb və avropa dramaturqlarının əsərləri də yer alıb.
Vətənpərvərliyə böyük önəm verən, türk dünyasına və tarixi mövzulara böyük sayğısını nümayiş etdirən Bakı Bələdiyyə Teatrı dəfələrlə cəbhə bölgələrində və müxtəlif ölkələrin ən məşhur aparıcı sənət ocaqlarının səhnələrində çıxış edib.
Teatrın kollektivi qardaş Türkiyədə də öz tamaşaçı auditoriyasını formalaşdırıb, həmçinin “Türk sancağı”, “Vətənə igidlər gərəkdir” və “Nargin Faciəsi” tamaşaları ilə türk dünyasını birliyə səsləyib və Türkiyə Azərbaycan dostluğunu tərənnüm edib.
Teatrın rəhbəri, Xalq Artisti Amaliya Pənahova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının türk dünyasının elmi və mədəniyyəti qarşısında xidmətlərinə görə Beynəlxalq Atatürk mükafatı, Bələdiyyə Teatrı isə 2016-cı ildəki uğurlarına görə türk dünyasının “İlin teatrı” mükafatı ilə təltif olunub.
Şöhrət və Şərəf ordeni ilə təltif olunmuş Xalq artisti, Avropanın əməkdar elm və mədəniyyət xadimi olan Amaliya Pənahova Türksoyun Haldun Taner medalya və BMT-nin qızıl Orden sahibidir.


























