TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
31 yanvar 2026
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
31 yanvar 2026-cı il tarixində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi (TÜİB)-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi təşkil olunub. Tədbirin əsas məqsədi Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi, iş dünyasının aktual məsələlərinin müzakirəsi və yeni tərəfdaşlıqların qurulması olub.
İşgüzar səhər yeməyində Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, TÜİB üzvləri və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Birol Akgün Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlığın iqtisadi sahədə də uğurla davam etdiyini qeyd edib. O, işgüzar dairələr arasında əlaqələrin genişlənməsinin qarşılıqlı investisiya mühitinə müsbət təsir göstərdiyini vurğulayıb, türk və azərbaycanlı iş adamlarının üçüncü ölkələrdə, xüsusilə Türk dünyasında birgə fəaliyyətinin böyük imkanlar yaratdığını diqqətə çatdırıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında Azərbaycanda sahibkarlığın inkişafına yönəlmiş dövlət dəstək mexanizmləri, yerli və xarici investorlar üçün mövcud imkanlar, eləcə də agentliyin biznes ictimaiyyəti ilə əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verib.
TÜİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat çıxışında Türkiyə–Azərbaycan iqtisadi əlaqələrinin inkişaf perspektivlərinə toxunaraq, Birliyin iş adamları arasında əməkdaşlığın gücləndirilməsi, yeni biznes imkanlarının yaradılması və iki ölkə arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirdiyini bildirib.
Tədbir çərçivəsində II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun keçirilməsində dəstək göstərən şirkətlərə təşəkkür plaketləri təqdim olunub. Həmçinin TÜİB ilə qurumun üzvü olan Business Service Centre (BSC) arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumun imzalanmasından sonra “Vergilərdə dəyişikliklər” mövzusunda qısa təqdimat keçirilib və vergi qanunvericiliyində baş verən son dəyişikliklər barədə məlumat verilib.
İşgüzar səhər yeməyi networking və sərbəst ünsiyyət formatında davam edib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb və yeni əməkdaşlıq imkanları müzakirə olunub.

