Heydər Əsədov:"Aqrar sahədə sərfəli investisiya üçün böyük imkanlar var"-MÜSAHİBƏ
Heydər Əsədov:"Aqrar sahədə sərfəli investisiya üçün böyük imkanlar var"-MÜSAHİBƏ
29 avqust 2017
Aqrar sahədə sərfəli investisiya üçün böyük imkanlar var
Son illər kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının aparıcı sektoruna, həm yeni iş yerlərinin yaradılması və ixracın artırılması, həm də yeni innovasiyaların tətbiq edildiyi sahəyə çevrilib. Azərbaycanın kənd təsərrüfatı sektorunda baş verən yeniliklər, aqrar sahənin inkişaf etdirilməsi üçün görülən işlər, qarşıdakı hədəflər və bu prosesdə türk biznesinin rolu ilə bağlı «İş Dünyamız»ın suallarını Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov cavablandırır.
- Cənab nazir, Azərbaycan iqtisadiyyatın inkişafı və ərzaq təhlükəsizliyi baxımından aqrar sahənin inkişafını əsas prioritetlərdən biri elan edib. Hökumətin bu sahədəki əsas hədəfləri hansılardır?
Azərbaycanda aqrar islahatların müasir mərhələsi prezident İlham Əliyevin qəbul etdiyi siyasi qərarlara əsasən 2014-cü ildən başlanıb.
Dövlət başçısının fərmanı ilə təsdiqlənmiş Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində isə bu sahədəki hədəflərimiz dəqiqləşdirilib. Bizim 2020-ci ilədək strateji hədəfimiz ərzaq təhlükəsizliyini təmin edən, diversifikasiya olunmuş iqtisadiyyata əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalı və emalı sektorunun yaradılmasıdır.
Strateji Yol Xəritəsinin reallaşdırılması hesabına bu sahədə tənzimlənmə sistemi daha təkmil olmaqla, dövlət yardımlarının effektivliyi artacaq, bazarda rəqabət və biznes mühiti daha da yaxşılaşacaq. Paralel olaraq aqrar sektorun maliyyə resurslarına çıxışının asanlaşdırılması və informasiya-məsləhət xidmətlərinin inkişafıtəmin ediləcək.
Ümumiyətlə, Azərbaycanda aqrar islahatların birinci mərhələsinin başlamasından ötən 20 illik dövr ərzində kənd təsərrüfatı məhsulları istehsalı bütövlükdə 2,4 dəfə, o cümlədən istehsalın həcmi bitkiçilik sahəsində 2,3 dəfə, heyvandarlıq sahəsində isə 2,5 dəfəartmışdır.
Yerli istehsal hesabına 2001-2015-ci illərdə ölkədən xaricə kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı 11,1 dəfə artmışdır. İxracda yüksək artım hazırda da müşahidə olunmaqdadır. Belə ki, 2016-cı ildə əsas kənd təsərrüfatı məhsullarının ixracı 20,7 faiz, 2017-ci ilin ilk iki ayı ərzində isə 69,7 faiz artıb.
Strateji Yol Xəritəsinə uyğun olaraq kənd təsərrüfatı sahəsində görüləcək işlər 2020-ci ildə real ÜDM-i birbaşa 575 milyon manat, dolayı şəkildə isə 660 milyon manat olmaqla, ümumilikdə 1235 milyon manat artıracağı proqnozlaşdırılır.
- Azərbaycan kənd təsərrüfatının hansı sahələrini inkişaf etdirmək niyyətindədir?
- Qeyd etdiyimiz kimi, hazırda kənd təsərrüfatının inkişafı üçün kompleks tədbirlər görülür. Bununla yanaşı, daha sürətli inkişaf imkanlarına malik olan prioritet sahələr də vardır. Bunlar idxalın əvəzedilməsinə yönələn və ölkədən ixracın artmasına dəstək olan sahələrdir.
Hazırda ölkəmizdə idxalın əvəzedilməsi üçün xüsusi əhəmiyyəti olan sahə, ilk növbədə, ərzaqlıq buğda istehsalıdır. Həmçinin qida sənayesinin yerli xammalla təmin olunması məqsədilə şəkər xammalı, yağlı bitkilər və süd məhsulları istehsalının da artırılmasına ehtiyac vardır.
Ərzaq buğdası və qarğıdalı istehsalının artırılması üçün dövlət dəstəyi ilə iri taxılçılıq təsərrüfatları yaradılır. Şəkər çuğunduru istehsalının artırılması üçün cari ildən bu sahəyə yeni subsidiya mexanizmi tətbiq olundu. Həmçinin cari ildən yeni zeytun bağlarının salınmasına başlanılıb, soya əkini sahələri əsaslı şəkildə genişləndirilir. Süd məhsulları istehsalının artırılması məqsədilə müasir heyvandarlıq komplekslərinin qurulmasına və bu komplekslərin yüksək məhsuldarlıqlı cins heyvanlarla təminatına geniş dövlət dəstəyi verilir, həmçinin bütün təsərrüfatlarda heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanmadan istifadə stimullaşdırılır.
İxracyönümlü sahələrdə də mövcud potensial ciddi surətdə gücləndirilir. Məlum olduğu kimi, ötən ildən etibarən Azərbaycanda mühüm ixrac əhəmiyyətinə malik olan kənd təsərrüfatının ənənəvi sahələrinin, inkişafında köklü dönüş mərhələsi oldu. Məsələn, bir il ərzində pambıq istehsalı 2,5 dəfə, barama istehsalı isə 300 dəfə artıb. İxracyönümlü məhsullar kimi xüsusilə fındıq, xurma və nar bağları dövlət dəstəyi tədbirləri və sahibkarların aktiv iştirakı ilə genişləndirilir. Şübhəsiz ki, bu məhsulların istehsalının artımı hesabına Azərbaycanın xarici ərzaq bazarında iştirakı genişlənəcəkdir.
- Cənab nazir, biznesin aqrar sahəyə həvəsləndirilməsi baxımından hansı mexanizm və dəstək tədbirləri tətbiq olunur?
Hazırda Azərbaycanda dövlət tərəfindən aqrar sahəyə kifayət qədər geniş dəstək göstərilir. Məsələn, kənd təsərrüfatı sahəsi çox kiçik həcmə malik olan torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddır, üstəlik, minimum 400 min manat, bəzi regionlarda isə minimum 200 min manat, investisiya qoyuluşu həyata keçirilərsə əlavə olaraq vergi və gömrük güzəştləri tətbiq olunur.
Kənd təsərrüfatı məhsulları becərilən hər hektar əkin sahəsinə görə 50 manat subsidiya verilir və bu məbləğ eyni sahədə aparılan ikinci əkinə də şamil olunur. Əlavə olaraq hər hektar buğda və çəltik əkininə görə 40 manat büdcə vəsaiti ödənilir. İstehsal olunmuş pambıq, tütün və şəkər çuğunduru məhsulunun həcminə, başqa sözlə son məhsula görə istehsalçılara subsidiyalar verilir. İstehsalçılara satılan mineral gübrələrin, habelə təbii mənşəli gübrələrin (biohumus) və pestisidlərin dəyərinin 70 faizi qədər güzəşt tətbiq olunur. Bunlarla bərabər, istehsalçılara «Aqrolizinq» ASC tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikalarının və müasir suvarma sistemlərinin dəyərinin 40 faizi dövlət büdcəsinin vəsaiti hesabına qarşılanır. Həmçinin suvarma suyu da istehsalçılara güzəştli qiymətə satılır.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının keyfiyyətli toxum və tinglərlə təmin etmək üçün müasir toxumçuluq müəssisələri də qurulur.
Bu tədbirlərin nəticələri özünü qısa zamanda göstərib. Belə ki, artıq 2016-cı ildə gübrə və pestisidlərdən istifadə 2013-cü illə müqayisədə təqribən 2 dəfə artıb. Həmçinin «Aqrolizinq» ASC-nin fəaliyyət göstərdiyi 12 illik dövr ərzində alınan kənd təsərrüfatı texnikasının 40 faizi 2014-2016-cı illərin payına düşüb. Bununla da qısa müddət ərzində fermerlərin kənd təsərrüfatı texnikası ilə təminatı məsələsi köklü şəkildə həll olunub və texnika çatışmazlığı problemi aradan qalxıb.
Heyvandarlığa dəstək tədbirləri çərçivəsində yüksək məhsuldarlıqlı cins malların dəyərinin 50%-i büdcədən ödənilməklə, uzunmüddətli lizinq yolu ilə istehsalçılara satılır. Həmçinin süni mayalanma yolu ilə alınan hər baş buzova görə 100 manat subsidiya verilir.
- Kənd təsərrüfatının maliyyələşdirilməsi və burada sığorta sisteminin yaradılması üçün hansı işlər görülür?
- Kənd təsərrüfatı sahəsi üzrə maliyyələşmə və sığorta mexanizmlərinin təkmilləşdirilməsi üçün geniş tədbirlər nəzərdə tutulub. Belə ki, hazırda kənd təsərrüfatı kreditləri üçün «Kredit Zəmanəti Fondu»nun yaradılması, kənd təsərrüfatında innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması, kreditlər üçün girov bazasının genişləndirilməsi imkanları araşdırılır. Eyni zamanda fermerlərin maliyyə savadlılığının artırılması da gündəmdə olan əsas məsələlərdəndir. Aqrar sığorta sisteminin inkişafı üçün isə kənd təsərrüfatı sahəsi üzrə risklərin idarəedilməsi mexanizmi təkmilləşdiriləcək, sığorta fondunun yaradılması imkanları araşdırılacaq, sığorta hadisələri reyestri hazırlanacaq və digər tədbirlər icra olunacaq. Cənab Prezidentin 11 aprel 2017-ci il tarixli Sərəncamı ilə verdiyi tapşırığa əsasən bu istiqamətlərdə islahatlar cari il ərzində başa çatdırılmalıdır.
- Azərbaycanın kənd təsərrüfatı sahəsində sərfəli investisiya qoyuluşu baxımıdan investorlar üçün maraqlı ola biləcək hansı sahələri qeyd edə bilərsiniz?
- Hazırda kənd təsərrüfatında bir sıra istiqamətlər üzrə investisiya qoyuluşu kifayət qədər sərfəlidir. Məsələn, müasir bazar infrastrukturunun inkişafı üzrə aqrar sahədə müasir standartlara uyğun topdan və pərakəndə satış məntəqələrinin qurulmasını, regionlarda meyvə-tərəvəz məhsulları üzrə logistika, o cümlədən qablaşdırma xidmətlərinin təşkilini, müvafiq sanitariya normalarına və texnoloji standartlara uyğun ət kəsimi məntəqələrinin qurulması, kiçik və orta tutumlu taxıl anbarları şəbəkəsinin yaradılmasını qeyd etmək olar.
Eyni zamanda ixracyönümlü və idxaləvəzetməsini təmin edən sahələrdə də investisiya qoyuluşları üçün ciddi potensial mövcuddur. Məsələn, Azərbaycanda intensiv üsulla meyvə bağlarının və üzüm plantasiyalarının salınması, faraş kartof istehsalının artırılması, istixanalarda faraş tərəvəz istehsalının artırılması, regionlarda kiçik və ortaölçülü meyvə-tərəvəz emalı müəssisələri şəbəkəsinin genişləndirilməsi, o cümlədən qurudulmuş və dondurulmuş meyvə-tərəvəz məhsulları istehsalının artırılmasına investisiya qoyuluşu baxımından kifayət qədər cəlbedici istiqamətlər kimi qəbul edilə bilər.
Bundan başqa intensiv ferma modelinə uyğun iri heyvandarlıq komplekslərinin yaradılması, heyvandarlıq məhsullarının emalı sənayesi və sənaye üsulu ilə yem istehsalı sahələrinin inkişafı baxımından böyük potensiala malik sahədir.
Pambıq, tütün, ipək, gön-dəri və yun klasterlərinin inkişafı isə həm daxili, həm də xarici bazar tələbatı baxımından perspektivlidir.
- Türkiyə ilə aqrar sahənin hansı istiqamətlərində əməkdaşlıq etmək niyyətindəsiniz? Bir qədər əvvəl Bakıda Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib. Bu sahədə Türkiyə ilə əməkdaşlıqdan hansı faydalar gözləyirsiniz?
- Bu yaxınlarda Bakıda keçirilən Azərbaycan-Türkiyə Biznes Forumu zamanı həm də Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 8-ci iclası da keçirildi. Həmin İclas və Biznes Forumu çərçivəsində aqrar sahədə əməkdaşlıq məsələləri ətraflı müzakirə olundu və əməkdaşlığın effektivliyinin artırılması üçün Fəaliyyət Planı hazırlandı. Fəaliyyət Planına əsasən elm və təhsil, baytarlıq və fitosanitar xidmətləri, toxumluq və damazlıq sahələrində, habelə statistika, dövlət dəstəyi və informasiya texnologiyalarının tətbiqi ilə bağlı təcrübə mübadiləsi istiqamətində hər iki ölkənin müvafiq Nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi üçün ümumilikdə 70-ə yaxın məsələ müəyyən olunub.
Önəmli olan digər bir məqam hər iki ölkənin sahibkarları arasında əməkdaşlığın gücləndirilməsidir. Bu məsələ həm İcra Komitəsinin iclasında, həm də Biznes Forumda sahibkarlar tərəfindən də geniş müzakirə olunub. Müzakirə olunan məsələlərdən biri də ondan ibarətdir ki,, hər iki ölkənin sahibkarları üçüncü ölkə bazarlarına daxil olmaqda birgə əməkdaşlıq edə bilərlər. Məsələn, Azərbaycan məhsullarının Avropa və Yaxın Şərq ölkələri bazarlarına, oxşar olaraq da Türkiyə məhsullarının post-sovet ölkələrinin bazarlarına çıxarılmasında birgə əməkdaşlıq mühüm əhəmiyyətə malikdir. Hər iki ölkənin sahibkarları tərəfindən birgə müəssisələrin yaradılması, investisiya qoyuluşlarının həyata keçirilməsi, idxal-ixrac əməliyyatlarının genişləndirilməsi, aqrar sahə üzrə təchizatda əməkdaşlıq imkanlarından yararlanması kimi məsələlərdə mühüm faydalar var. Məsələn, Türkiyəli iş adamlarının Azərbaycanın aqrobiznes sektoruna uğurlu sərmayə qoyuluşları, həmçinin onların Azərbaycanda aqrobiznes sektorunun texnoloji modernləşdirilməsi layihələrində təchizatçı kimi iştirakları üçün geniş potensial imkanlar mövcuddur.
Bir məsələni də qeyd etmək istərdim, hazırda Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı və ərzaq məhsulları ticarətində qarşılıqlı gömrük güzəştlərinin tətbiq olunması ilə bağlı konkret təkliflər ətrafında müzakirələr aparılır. Şübhəsiz ki, bu təkliflər razılaşdırılaraq təsdiq olunduqdan sonra iki ölkə arasında ticari əməkdaşlıq daha da genişlənəcəkdir.
- Bu baxımdan Azərbaycanda Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) yaradılmasını necə qiymətləndirirsiniz və TÜİB-in fəaliyyətindən hansı faydaları gözləyirsiniz?
- Əminliklə demək olar ki, Azərbaycan və Türkiyə arasında iqtisadi və ticari əlaqələrin genişləndirilməsi üçün mövcud olan əməkdaşlıq mühiti dünyanın heç bir ölkəsində yoxdur. Bunun nəticəsidir ki, Türkiyəli iş adamlarının Azərbaycan iqtisadiyyatında, o cümlədən aqrobiznes sektorunda fəal iştirakı üçün bütün imkanlar yaradılmışdır. Bu səyləri daha da artırmaq, onları düzgün istiqamətləndirmək və bizneslə dövlət qurumlarının işini əlaqələndirmək baxımınan yeni yaradılmış təşkilatın - TÜİB-in əhəmiyyəti böyükdür. TÜİB türk və azərbaycanlı iş adamlarının əlaqələndirilməsi, türk biznesinin Azərbaycandakı biznes mühiti və buradakı imkanlarla tanışlığı baxımından mühüm platforma rolunu oynaya bilər və bu baxımdan yeni təşkilatdan gözləntilərimiz böyükdür.
Yaranmasından qısa müddət keçməsinə baxmayaraq TÜİB bu proseslərə kifayət qədər fəal şəkildə qoşulub və inanırıq ki, bu aktivlik və məhsuldarlıq TÜİB-in fəaliyyətinin ayrılmaz hissəsi olacaqdır. Bu işlərdə TÜİB-ə uğurlar arzulayıram.
