Körpü Layihəsi-Ankara səfəri
Körpü Layihəsi-Ankara səfəri
22 sentyabr 2025
TÜİB nümayəndə heyəti “Körpü” layihəsi çərçivəsində Türkiyədə işgüzar səfərdə olmuş və bu səfər zamanı Türkiyənin yüksək səviyyəli dövlət rəsmiləri, strateji qurum rəhbərləri və biznes nümayəndələri ilə bir sıra mühüm görüşlər keçirmişdir. Səfərin məqsədi Azərbaycan–Türkiyə iqtisadi, sosial və mədəni əməkdaşlığının genişləndirilməsi, yeni təşəbbüslərin dəyərləndirilməsi və əlaqələrin daha da gücləndirilməsi olub.
Səfərin ilk günündə TÜİB İdarə Heyəti Türkiyənin Ticarət Naziri Ömər Bolat ilə görüş keçirib. Görüş zamanı TÜİB sədri Hüseyin Büyükfırat Birliyin fəaliyyəti və 6-cı dönəmdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Tərəflər “I Azərbaycan–Türkiyə İnvestisiya Forumu”nun nəticələrini müzakirə edib və Forumun biznes dairələri üçün yaratdığı imkanları yüksək qiymətləndiriblər. Nazir Ömər Bolat bu ilin dekabr ayında Bakıda keçiriləcək II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun əhəmiyyətini vurğulayıb, Forumun daha effektiv formatda təşkili üçün təkliflər müzakirə olunub. TÜİB-in logistika və gömrük komissiyasının fəaliyyəti də diqqətlə dəyərləndirilib.
TÜİB nümayəndə heyətinin növbəti görüşü Türkiyənin Kənd Təsərrüfatı Naziri İbrahim Yumaklı ilə baş tutub. Görüş zamanı aqrar sahədə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və birgə təşəbbüslərin həyata keçirilməsi ətrafında ətraflı müzakirə aparılıb. II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda kənd təsərrüfatı panelinin xüsusi önəm daşıdığı vurğulanıb.
Səfər çərçivəsində TÜİB sədri Hüseyin Büyükfırat, həmçinin TİKA sədri Abdullah Eren ilə də görüş keçirib. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətlər üzrə dərinləşdirilməsi məsələləri müzakirə olunub. TİKA-nın Azərbaycanda həyata keçirdiyi layihələr, sosial, iqtisadi və mədəni sahələrdə gələcək birgə fəaliyyət imkanları dəyərləndirilib. Tərəflər TÜİB və TİKA arasında əməkdaşlığın Türk dünyasının həmrəyliyinə mühüm töhfə verəcəyini vurğulayıblar.
Səfərin mühüm görüşlərindən biri də TÜİB nümayəndə heyətinin YDA Group İdarə Heyəti sədri Hüseyin Arslan ilə keçirdiyi görüş olub. Görüşdə YDA Group-un layihələri, infrastruktur və sənaye sahəsində mövcud əməkdaşlıq istiqamətləri, gələcək sərmayə planları müzakirə edilib. Tərəflər dövlət–özəl sektor əməkdaşlığının inkişafı və iki ölkə arasında biznes əlaqələrinin gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Səfərin proqramına TÜİB-in Ankara ofisində keçirilən içtimai görüş və tanıtım tədbiri də daxil olub. Tədbir çərçivəsində “Körpü” layihəsinin məqsədləri, əldə edilən nəticələr və qarşıdakı planlar təqdim edilib. TÜİB-in Ankara ofisi Azərbaycan–Türkiyə iş dünyası arasında əlaqələrin qurulması və gücləndirilməsi baxımından mühüm platforma kimi çıxış edir. Tədbirdə Türkiyənin iş adamları, təşkilat rəhbərləri və müxtəlif sahələri təmsil edən qonaqlar iştirakı ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq imkanları dəyərləndirilib. Görüş həm sosial, həm də işgüzar atmosferi ilə yadda qalıb və “Körpü” layihəsinin Türkiyə mərhələsinin uğurla davam etdiyini bir daha göstərib.
TÜİB-in Türkiyə səfəri yüksək səviyyəli görüşlər, geniş müzakirələr və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə yadda qalmışdır. Bütün bu fəaliyyətlər Azərbaycan–Türkiyə iqtisadi münasibətlərinin daha da möhkəmlənməsinə, yeni birgə layihələrin əsasının qoyulmasına və iki ölkə iş dünyası arasında əlaqələrin gücləndirilməsinə mühüm töhfə vermişdir.
.jpeg)


.jpeg)

.jpeg)
.jpeg)

